Tərtər: seçicilər öz iradələrini sərbəst, azad və şəffaf şəkildə ifadə edə biləcəklər
Tərtər, 9 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
95 saylı Tərtər seçki dairəsinin seçki məntəqələri aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırdır.
Dairə seçki komissiyasının sədri Həmid Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün bütün seçki məntəqələri lazımi texniki vasitə və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, seçki qutuları və lazımi inventar avadanlıqlar gətirilərək məntəqələrə paylanılıb, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələrinə səsvermə bülletenləri, protokollar, mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər gətirilib. Məntəqələrdə katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Dairə seçki komissiyasında 390 müşahidəçi qeydiyyatdan keçib.
Komissiya sədrinin bildirdiyinə görə, dairənin tərkibinə daxil olan 38 seçki məntəqəsi üzrə 38 min 38 seçici qeydə alınıb. Onlardan 132 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicilərin 1272 nəfəri 80-100 yaş arasında, 17 seçicinin yaşı isə 100-dən yuxarıdır. 14 saylı seçki məntəqəsində qeydə alınmış 119 yaşlı Sədiqə Şirinova rayonun ən yaşlı seçicisidir.
Dairənin tərkibinə daxil olan 1 saylı seçki məntəqəsi Tərtər rayon Mədəniyyət Mərkəzinin binasında yerləşir. Digər seçki məntəqələri kimi, bu məntəqədə də səsvermə gününə hazırlıq işləri başa çatıb.
Məntəqə seçki komissiyasının sədri Məzahir Cəfərov bildirib ki, dəqiqləşdirilmiş son siyahıya əsasən 1404 seçici qeydə alınıb. Onlardan 3 nəfəri seçkilərdə ilk dəfə iştirak edəcək gənclərdir. Məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanması işi də başa çatdırılıb. Dörd seçici yaşı və xəstəliyi ilə əlaqədar səsvermə məntəqəsinə gedə bilməyəcəyini bildirərək, öz evində səs verməsi üçün daşınan qutunun göndərilməsi ilə bağlı seçki məntəqəsinə müraciət edib.
Şəhər 2 nömrəli məktəb-liseyin binasında yerləşən 3 saylı seçki məntəqəsi də seçkilərə hazırdır. Məntəqə seçki komissiyasının sədri Gülarə Əkbərovanın sözlərinə görə, məntəqə səsvermə kabinələri, seçki qutuları ilə təmin olunub. Seçici siyahıları, təbliğat və təşviqat xarakterli plakatlar seçki məntəqəsinin girişində, nəzərəçarpacaq yerlərdə asılıb. Artıq bildirişlərin paylanılması da başa çatdırılıb. Məntəqə üzrə 1222 seçici qeydiyyata alınıb. Yaşı və xəstəliyi ilə əlaqədar seçki məntəqəsinə gələ bilməyən 6 seçicinin müraciətinə əsasən seçki günü onların mənzillərinə daşınan qutu göndəriləcək.
95 saylı seçki dairəsinin əhatə etdiyi məntəqələrdə görülən hazırlıq işləri onu deməyə əsas verir ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri zamanı seçicilər öz iradələrini sərbəst, azad və şəffaf şəkildə ifadə edə biləcəklər.