TƏRTƏRDƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ MƏNZİLLƏR VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Tərtər şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş ikimərtəbəli, 16 mənzilli binanın acılış mərasimi olmuşdur.
Mərasimdə çıxış edən Tərtər rayon İcra hakimiyyətinin başçısı Vidadi İsayev Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət qayğısından danışmışdır. Bildirmişdir ki, ötən il Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün nəzərdə tutulan 2 mərtəbəli, 16 mənzilli bina sakinlərin ixtiyarına verilmiş, digər 24 mənzilli bina istifadəyə hazırlanır. Son iki ildə rayonda 56 Qarabağ müharibəsi əlili və şəhid ailəsinə mənzil, 26 nəfərə avtomobil verilmiş, 2009-2013-cü illərdə 4 ədəd 36 mənzilli binanın və 100 fərdi evin tikilməsi nəzərdə tutulmuşdur.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə dövlət qayğısından danışmış, bu sahədə fəaliyyətin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Mərasimin sonunda 16 ailəyə mənzillərin orderləri və açarları təqdim olunmuşdur. Yeni mənzil alan hər bir ailəyə televizor hədiyyə edilmişdir.