Tərtərdə şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib
Tərtər, 6 noyabr, AZƏRTAC
Tərtərdə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhidlərin ailə üzvlərinin, qazilərin, Qarabağ müharibəsi veteranlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi və Şəhidlər abidə kompleksi ziyarət edilib.
Rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb, Vətənə layiqli oğullar yetirdiklərinə və göstərdikləri xidmətə görə şəhid ailələrinə, qazilərimizə minnətdarlıqlarını ifadə ediblər. Şəhidlərimizin döyüş yoluna nəzər salınaraq, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqları bildirilib. Qeyd edilib ki, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş 26 tərtərli şəhidin medalları ailə üzvlərinə, 83 nəfər müharibə iştirakçısının medalları isə özlərinə təqdim olunub. Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.