Tərtərdə Zəfər Günü münasibətilə bayram konserti və möhtəşəm atəşfəşanlıq olub
Tərtər, 9 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü Tərtər rayonunda böyük coşqu ilə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tərtərlilər əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Bayraq Meydanından “Şəhidlər” abidə kompleksinə qədər yürüş keçirilib. “Şəhidlər” abidə kompleksinin qarşısında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Abidənin önünə tər gül dəstələri düzülərək şəhidlərin ruhlarına dualar oxunub. Sonra Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə yeni salınmış “Vətən bağı”nda 1200 ədəd ağac əkilib.
Axşam saatlarında Tərtər Rayon İcra Hakimiyyətinin və Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə bayram konserti keçirilib. Konsertdə respublikanın Əməkdar artisti Gülüstan Əliyevanın və Bərdə Regional Mədəniyyət İdarəsinin özfəaliyyət kollektivlərinin üzvlərinin ifasında rəngarəng musiqilər səsləndirilib.
Konsertin sonunda rayon sakinləri gündən-günə inkişaf edən, gözəlləşən Tərtər şəhərinin səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını maraqla seyr ediblər.