Texnologiya Universiteti ilə Sopron Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Gəncə, 18 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti ilə Macarıstanın Sopron Universiteti arasında onlayn görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən, dosent Yaşar Ömərov Macarıstan və Azərbaycan arasındakı mövcud strateji tərəfdaşlıqdan danışıb. Bildirib ki, ATU Macarıstan universitetləri ilə əməkdaşlığa xüsusi önəm verir. Y.Ömərov bu əməkdaşlığın yeni imkanlar açdığını, universitetin potensialının gücləndirilməsinə xidmət edəcəyini vurğulayıb.
Sopron Universitetinin rektoru, professor Atilla Fabian rəhbərlik etdiyi ali təhsil ocağının da qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu və bu əməkdaşlığın gələcəkdə uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.
Görüş hər iki universitet haqqında hazırlanan qısa təqdimatlarla davam edib.
Sonda universitetlər arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Sənəddə Azərbaycan Texnologiya Universiteti ilə Macarıstanın Sopron Universiteti arasında akademik və inzibati heyətin, eləcə də tələbələrin mübadiləsini həyata keçirmək və elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulur.