Teymur Musayev: Koronavirusun Çində aşkarlanan yeni ştamının törətdiyi xəstəlik zəifdir
Bakı, 9 aprel, AZƏRTAC
Koronavirusun Çində aşkarlanan yeni variantının yoluxuculuğu "omikron"dan daha yüksək ola bilər, amma törətdiyi xəstəlik daha zəifdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandıran səhiyyə naziri Teymur Musayev deyib.
Koronavirusun dəfələrlə mutasiyaya uğradığını xatırladan nazir deyib: “Yeni ştamlar peyda olur. Buna görə biz hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını heç kəs öncədən bilə bilməz. Sevindirici haldır ki, "omikron"dan sonra başlayan son bir neçə mutasiyada virusun yoluxuculuğu zəifləyib, törətdiyi xəstəliyin ağır gedişatı, demək olar ki, çox nadir hallarda baş verir. Ona görə ümid bəsləyirik ki, pandemiya sona doğru inkişaf edir. Çində bir çox ölkələrdən fərqli olaraq "sıfır COVID" rejimi ana xətt kimi qəbul olunub. Yəni, istənilən kiçik saylarla belə qeydə alınan yoluxmalar icma və şəhərlərdə tam qapanmaya gətirir. Yeni ştamın da həmin şəraitdə peyda olması ümumilikdə tibb icmasını kifayət qədər gərginləşdirmişdi. Lakin şükürlər olsun, həmin ştam həddən artıq zəifdir".