REGİONLAR
Tezliklə Bərdənin Məşədi İbişli kəndinin sakinləri təbii qazdan istifadə edəcək
Bərdə, 10 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələri sırasına Məşədi İbişli kəndi də əlavə olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək Bərdə şəhəri və rayonun 110 kəndindən 108-i “mavi yanacaq”la təmin edilib. Hazırda kənddə qaz xətlərinin çəkilişi aparılır. Layihəyə uyğun olaraq, kəndin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 6 min metrədək müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətləri çəkiləcək, 60 evdə sayğac, eləcə də fərdi tənzimləyici quraşdırılacaq. İşlərin fevralın sonunadək başa çatdırılması nəzərdə tutulur.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında bir pilləli tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.