TEZLİKLƏ LUQANSKDA BAKI KÜÇƏSİ OLACAQ VƏ QIZ QALASININ SİLUETİ UCALDILACAQ
Vilayət hökuməti sədrinin müavini Vladimir Krivulya Azərbaycan diplomatına Ukraynanın bu iri iqtisadi, aqrar-sənaye, elmi və mədəni regionu haqqında məlumat vermişdir. O, Azərbaycanla iqtisadi əməkdaşlığın sabit inkişafını xüsusi vurğulayaraq demişdir ki, onun ölkəsi qara metallurgiya, kimya sənayesi məhsulları, mineral gübrələr və sair ixrac edir. Azərbaycan isə bu il Luqansk vilayətinə 4,57 milyon dollarlıq məhsul göndərərək, həmin göstəricini 6,5 dəfə artırmışdır.
Səfir Tələt Əliyev ölkəmizin müxtəlif sahələrdə qazandığı irimiqyaslı uğurlardan danışaraq demişdir ki, onun tərəqqisi, cəmiyyətin demokratikləşməsi prosesindəki uğurlar, aparılan əsaslı islahatlar ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli varisi Prezident İlham Əliyevin adları ilə bağlıdır.
Sonra səfir ölkəmizin ən ağrılı problemindən - Ermənistanın Azərbaycana hərbi təcavüzünün ağır nəticələrindən, bir milyon qaçqın və məcburi köçkünlə bağlı humanitar problemlərdən danışmışdır.
Görüşdə diasporumuzun təmsilçilərinin yüksək fəallığı qeyd edilərək bildirilmişdir ki, onlar deputat seçilmişlər, dövlət xidmətində, güc qurumlarında çalışır, biznesmen kimi uğurlu fəalliyyət göstərərək, çoxsaylı iş yerləri yaradırlar.
Azərbaycanla vilayət arasında mədəni mübadilənin əhəmiyyəti də vurğulanmışdır. Luqansk meri S.Kravçenko 26 Bakı Komissarı küçəsinin adının dəyişdirilərək, ona “Bakı” adının verilməsi və burada Qız qalası abidəsinin inşası barədə xahişi məmnuniyyətlə qəbul etmişdir.