Tibb Universitetinin III Cərrahi xəstəliklər kafedrasının 100 yaşı tamam olur
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Azərbaycan Tibb Universitetində (ATU) III Cərrahi xəstəliklər kafedrasının 100 illiyinə həsr olunmuş “Cərrahi xəstəliklərin diaqnostikası və müalicəsində yeni üsullar” mövzusunda elmi-praktik beynəlxalq konfrans işə başlayıb.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda çıxış edən universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərovun sözlərinə görə, kafedraya 51 il akademik Mustafa Topçubaşov rəhbərlik edib. Məhz onun rəhbərliyi sayəsində Azərbaycanda tanınmış alimlər yetişib. Kafedranın əməkdaşları istər II Dünya, istərsə də I Qarabağ və Vətən müharibələri dövründə aktiv fəaliyyət göstəriblər. Kafedranın müdiri, professor Fariz Camalov və kafedranın əməkdaşları Vətən müharibəsində ön cəbhəyə yaxın yerləşən hospitallarda yaralılara vaxtında yardım edib, neçə-neçə hərbçini həyata qaytarıblar. Çıxış edənlər kafedranın inkişaf tarixindən, etdikləri əməkdaşlıqdan danışıblar.
Türkiyə və Rusiyadan gələn qonaqlar ATU ilə etdikləri əməkdaşlıqdan, universitetin yetirmələrindən, elmi-təcrübi mübadilələrdən, əldə olunan nəticələrdən söhbət açıblar.
Qeyd edək ki, iki gün davam edəcək konfransda cərrahi xəstəliklərin müasir diaqnostikası və müalicə üsulları ilə bağlı maraqlı məqamlara toxunulacaq.