Tibb Universitetinin rektoru Simulyasiya Mərkəzinin işi ilə tanış olub
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzinin işi ilə tanış olub. Mərkəzin rəhbəri tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova mərkəzin fəaliyyəti, burada bütün ixtisaslar üzrə tibb mütəxəssislərinin hazırlanması, orta və kiçik tibb personalının ixtisas bacarıqlarına yiyələnməsi, fərdi praktik vərdişlərin öyrədilməsi və təkmilləşdirilməsi, eyni zamanda, yeni bacarıqların əldə edilməsi istiqamətində aparılan işlər barədə geniş məlumat verib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rektor mərkəzdə müəyyən fənlər üzrə tədris alan Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüşüb və onlarla geniş fikir mübadiləsi aparıb.
O, mərkəzin endoskopiya, USM, ginekologiya, reanimasiya, xəstəyə qulluq və təcili yardım otaqlarında robot-simulyatorlar üzərində tələbələrin apardıqları manipulyasiyaları izləyib. Tədris Simulyasiya Mərkəzində yaradılan şəraitdən məmnunluğunu bildirən və görülən işlərin təqdirəlayiq olduğunu bildirib.
ATU-nun tədris şöbəsinin müdiri, dosent Kamandar Yaqubov qeyd edib ki, tələbələr hər gün mərkəzdə 5 bacarıq fənninin - Venadaxili inyeksiyalar, Təcili tibbi yardım, Dispanserizasiya, Fiziki müayinə, Təməl ürək və Ağciyər reanimasiyası fənlərinin tədrisində iştirak edirlər. Tədris prosesi 3 mərhələli şəkildə həyata keçirilir. Yayda daxili xəstəliklər və cərrahi xəstəliklər fənləri üzrə dövlət attestasiyana buraxılan tələbələr üçün bacarıq imtahanı da bu mərkəzdə təşkil olunacaq.
ATU rektoru, professor Gəray Gəraybəyli mərkəzdə imtahanların keçirilməsi üçün hazırlanmış sektorla da tanış olub. Tələbələr buradakı stansiyalara şəxsi ID kodu ilə daxil olub, ayrılmış zaman müddətində bacarıq imtahanı keçəcəklər.
Qeyd edək ki, Tədris Simulyasiya Mərkəzi Azərbaycan Tibb Universiteti və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri, rezidentləri və həkimlərin praktik bacarıqlarını artırmaq və simulyasiya təlimindən istifadə edərək müxtəlif tibb peşələri üzrə mütəxəssislərin ixtisaslarını artırmaq üçün yaradılıb. Tədris Simulyasiya Mərkəzində xarici ölkələrin səhiyyə mütəxəssislərinin zəngin təcrübəsindən yararlanaraq beynəlxalq standartlara uyğun olan təlim proqramlarından istifadə edilir.