İQTİSADİYYAT
Tokioda Azərbaycanda keçirilən əhalinin siyahıyaalınmasına dair məlumat verilib
Bakı, 1 dekabr, AZƏRTAC
Noyabrın 29-dan dekabrın 1-dək Tokio şəhərində Amerika, Asiya və Sakit Okean ölkələrinin Milli Siyahıyaalma və Statistika Direktorları Assosiasiyası (ANCSDAAP) tərəfindən Yaponiya Statistika Bürosu ilə əməkdaşlıq çərçivəsində Əhalinin siyahıyaalınmasına dair 31-ci beynəlxalq konfrans keçirilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əhalinin siyahıyaalınmasının 2020-ci il mərhələsinin ölkələr üzrə icmalı və əldə olunmuş təcrübələr, siyahıyaalma zamanı tətbiq olunmuş yeni texnologiyalar və alternativ üsullar, məlumatların toplanması və emalı, siyahıyaalmanın qiymətləndirilməsi, məlumatların yayılması, təhlili və istifadəsi, növbəti illərdə siyahıyaalmanın planlaşdırılması ilə bağlı çağırışlar və sair mövzular üzrə məsələlər müzakirə olunub, ölkə təcrübələri bölüşülüb.
Konfransda Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov məruzəçi qismində iştirak edib. 2019-cu ildə Azərbaycanda keçirilmiş əhalinin siyahıyaalınmasına dair təqdimatla çıxış edən Komitə sədrinin müavini tədbir iştirakçılarına siyahıyaalınmaya hazırlıq, onun keçirilməsi və nəticələri barədə ətraflı məlumat verib.
Beynəlxalq konfrans haqqında daha ətraflı məlumatları və ölkə təcrübələri barədə məruzələri http://www.ancsdaap.org/main/main.php linkindən əldə etmək olar.