Tovuzda 7 ədəd top mərmisi aşkarlanıb
Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 27-də saat 16:38-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisində 7 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Tovuz Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 7 ədəd boş vəziyyətdə 100 millimetrlik top mərmiləri (6 ədəd OF-415 və 1 ədəd OF-412) aşkarlanıb, götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmilərinin ətrafında 500 kvadratmetr əraziyə yerüstü, 20 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.