TOVUZDA DOQQUZ AYIN YEKUNLARI İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Rayon icra hakimiyyətinin başçısı Həmid Bağırov iclası açaraq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən üç il ərzində görülmüş işləri konkret faktlarla diqqətə çatdırmışdır. O, Azərbaycan Prezidentinin fəaliyyətində regionların inkişafına qayğının başlıca yer tutduğunu vurğulamış və bununla əlaqədar müvafiq Dövlət Proqramının uğurla reallaşdırıldığını qeyd etmişdir.
İcra başçısı demişdir ki, Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqi ölkənin gələcək inkişafının yollarını müəyyən edən fəaliyyət proqramıdır. Onun hər bir cümləsi Azərbaycanın gələcək inkişaf yollarını müəyyən edən dəyərli fikirlərlə zəngindir. Natiq ölkə başçısının iclasda qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsinin vacibliyini xüsusi qeyd etmişdir.
Rayon icra hakimiyyəti başçısının müavini Nəsib Bağırov cari ilin doqquz ayı ərzində rayonda görülən işlərdən söhbət açmışdır. O bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı Tovuz rayonunda həyata keçirilən tədbirlər nəticəsində yanvar-sentyabr aylarında 1297 yeni iş yeri açılmışdır. Bunun 947-si daimidir. Həmin müddətdə bütün mülkiyyət formalarından olan müəssisə, təşkilat və vətəndaşlar tərəfindən iqtisadiyyatın və sosial sahənin inkişafına 7 milyon 258 min 700 manat investisiya qoyulmuşdur. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,4 faiz çoxdur. Doqquz ayda Cəlilli kəndində 240, Alakol kəndində 200, Əsrik Cırdaxan kəndində 200, Kirən kəndində 260 yerlik məktəb binaları istifadəyə verilmişdir.
Həyata keçirilən tədbirlər nəticəsində bitkiçilik məhsullarının məhsuldarlığı və istehsalı xeyli artmışdır. Bu il rayonda 28 min 536 ton taxıl, 8 min 405 ton qarğıdalı, 253 min 462 ton kartof, 24 min 149 ton tərəvəz, 10 min 163 ton meyvə və 710 ton üzüm istehsal olunmuşdur.
Daha sonra natiq doqquz ayda rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində görülmüş işlərdən danışmış, Dövlət Proqramında nəzərdə tutulan işlərin uğurla davam etdirildiyini vurğulamışdır.