SİYASƏT
Tovuzda Dövlət Bayrağı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Tovuz, 8 noyabr (AZƏRTAC). Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov iştirakçıları əlamətdar gün münasibətilə təbrik etmiş, dövlətin mühüm atributlarından biri olan bayrağın müstəqilliyin, dövlətçiliyin rəmzi olunmasından danışmışdır. Qeyd edilmişdir ki, üçrəngli bayrağımız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış, 70 il sonra - 1990-cı il noyabr ayının 17-də Naxcıvan Ali Məclisində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yenidən qaldırılmışdır.
“Dəyirmi masa”da rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərovun “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda məruzəsi dinlənilmişdir.
Çıxış edənlər dövlət bayrağımızın yenidən bərpa olunmasında ulu öndər Heydər Əliyevin rolundan, 2010-cu il sentyabrın 1-də Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılmasından və dünyanın ən uca bayrağının Azərbaycanda dalğalanmasından bəhs etmiş, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyətini yüksək qiymətləndirmişlər.