Tovuzda tədris prosesi izlənilib, vətəndaşların müraciətləri dinlənilib
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Tovuz rayonunda səfərdə olan elm və təhsil nazirinin müavini Firudin Qurbanov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nazir müavini Tovuz rayonu Bozalqanlı kənd tam orta məktəbində olub. Məktəbdə yaradılmış tədris şəraiti və şagirdlərin təlim prosesi ilə tanış olan Firudin Qurbanova təhsil müəssisəsinin fəaliyyəti, tədris göstəriciləri barədə məlumat verilib.
Daha sonra Respublika fənn olimpiadalarının və “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri və onların valideynləri ilə görüş keçirilib. Görüşdə şagirdlərin əldə etdikləri uğurların sistemli hazırlığın, müəllim əməyi və valideyn dəstəyinin birgə nəticəsi olduğu bildirilib.
Valideynlərlə söhbət zamanı uşaqların təlim-tərbiyəsində ailənin rolunun xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Eyni zamanda, ailə-məktəb əməkdaşlığının gücləndirilməsinin şagirdlərin həm akademik nailiyyətlərinə, həm də şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərdiyi vurğulanıb.
Səfər çərçivəsində uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, çalışmanın yaş həddinə çatmış bir qrup müəllimlə də görüş keçirilib.
Nazir müavini, həmçinin Qazax-Tovuz regionu üzrə ümumi təhsil müəssisələrinin gənc direktor və müəllimləri ilə görüşüb. Təhsildə müasir yanaşmaların tətbiqi, məktəb idarəçiliyində innovativ metodlar, müəllimlərin peşəkar inkişaf imkanları və məktəbdə sağlam təhsil mühitinin formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində vətəndaşlarla görüşən Firudin Qurbanov onların müraciətlərini dinləyib. Hər bir müraciətin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.