TQDK aprelin 3-də respublikanın 18 şəhərində sınaq imtahanı keçirəcəkdir
Bakı, 2 aprel (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 3-dən başlayaraq abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədi ilə növbəti sınaq imtahanları keçirəcəkdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, ilk sınaq imtahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Yevlax, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında keçiriləcəkdir.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə martın 16-dan aparılmış, 31468 abituriyent qeydiyyatdan keçmişdir. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcəkdir.
Növbəti sınaq imtahanı aprelin 10-da olacaqdır. Hazırda həmin imtahana yazılış davam edir.
Aprelin 3-də və 10-da sınaq imtahanı iştirakçılarına eyni test kitabçası təqdim olunacaqdır.
Sınaq imtahanlarının növbəti həftələrdə də keçirilməsi nəzərdə tutulur. Bu imtahanların tarixi, keçiriləcəyi bölgələrin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcəkdir.