TQDK MAGİSTRATURA PİLLƏSİNƏ QƏBUL İMTAHANININ BİRİNCİ MƏRHƏLƏSİNİ KEÇİRMİŞDİR
Bakı, 4 may (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən bildirmişlər ki, mayın 3-də cari tədris ili üçün ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi keçirilmişdir.
Qəbul imtahanı Bakı şəhərində 24, Naxçıvan şəhərində isə 1 binada keçirilmişdiir. İmtahanın idarə olunması üçün 104 imtahan rəhbəri, 1000 nəzarətçi-müəllim cəlb olunmuşdur.
Saat 11.00-da başlanmış imtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunmuşdur. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılmışdır.
İmtahanın nəticələri həftə ərzində TQDK-nın internet səhifəsində yerləşdiriləcəkdir.
Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən, məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı bal 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılacaqlar.
İkinci mərhələyə buraxılan bakalavrlar müəyyən olunacaq tarixdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun proqramı və ixtisasları seçərək təsdiq edəcəklər. Bu zaman hər bir bakalavra müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçmək hüququ veriləcəkdir. Seçilmiş ixtisaslar eyni bir qəbul proqramına aid olmalıdır.
İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılacaqdır.
######
