SİYASƏT
“TRT Haber”: Bölgəyə sülh gələcək
Ankara, 30 aprel, AZƏRTAC
Azərbaycan böyük Qarabağ zəfəri ilə bölgədəki siyasi prosesləri təməlindən dəyişib. Ermənistan-Türkiyə normallaşma prosesi istiqamətində aparılan danışıqlar tarixi hadisədir. Münasibətlərin inkişafı bölgəyə sülh gətirəcək.
AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyənin “TRT Haber” telekanalının aprelin 29-da axşam saatlarında yayımladığı xüsusi verilişdə əksini tapıb.
Veriliş Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun İkinci Qarabağ savaşında qazandığı rəşadətli Qələbə nəticəsində Azərbaycanın işğal altında saxlanılan torpaqlarını azad etməsinə dair mühüm proseslər əsasında hazırlanıb.
Geniş ictimaiyyətə məlumat verilib ki, 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanan Azərbaycan işğalçı Ermənistana sülh əlini uzadıb. Hazırda Türkiyə və Ermənistan arasında normallaşma prosesi də bu böyük Zəfərin və Azərbaycanın sülh səylərinin davamıdır. Təəssüflə bildirilib ki, Türkiyə Azərbaycanın haqlı mübarizəsinə verdiyi siyasi-mənəvi dəstəyə görə böyük haqsızlığa, iqtisadi təzyiqlərə məruz qalıb.
Verilişdə İkinci Qarabağ müharibəsində Azərbaycan-Türkiyə qardaşlığına dair mühüm prosesləri əks etdirən orijinal videokadrlar təqdim olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara