Tullantıların idarə olunması sahəsində uşaqlar arasında ikinci beynəlxalq konfrans keçirilmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinin maarifləndirmə proqramı çərçivəsində Qala qəsəbəsində “Yenidən istifadə et. Azalt. Çeşidlə” şüarı altında uşaqlar arasında noyabrın 15-dən keçirilən ikinci beynəlxalq konfrans başa çatmışdır.
Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Belarus, Ukrayna və digər ölkələrdən olan məktəblilərin iştirak etdikləri konfransın məqsədi uşaqlara ətraf mühitin mühafizəsində iştirak, tullantıların düzgün zərərsizləşdirilməsi metodları, məişət tullantılarının çeşidlənməsi, təbii ehtiyatlara qənaətlə yanaşılması metodlarını öyrətmək, bu kimi mövzularda müzakirələr aparmaqla onların məlumatlılıq səviyyəsini artırmaq, eləcə də müxtəlif ölkələrdən olan məktəblilər arasında bu sahədə bilik mübadiləsini dəstəkləməkdir.
Konfransın birinci günü “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədr müavini Etibar Abbasov ekologiya və ətraf mühitə göstərdikləri diqqətə görə gənclərə təşəkkür etmişdir.
Konfransın ikinci günü iştirakçılar Bakı şəhərində tullantıların idarə edilməsi sistemi ilə əyani tanış olmaq üçün Balaxanı qəsəbəsində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olmuşlar. Burada iştirakçılara zavodların fəaliyyətinə dair təqdimatlar və videoçarxlar nümayiş etdirilmişdir.
Tədbir çərçivəsində gənc iştirakçılar Heydər Əliyev Mərkəzini də ziyarət etmişlər. Burada onlar Azərbaycan mədəniyyəti və tarixi ilə tanış olmuşlar.
Tədbir noyabrın 17-də “Excelsior Hotel”də başa çatmışdır.
Burada gənc iştirakçılar 3 gün ərzində hazırladıqları təqdimatları, tullantıların idarə edilməsi və ümumiyyətlə ekologiya sahəsində biliklərini bölüşmüşlər. Sonda bütün iştirakçılar diplomlarla və hədiyyələrlə təltif edilmişlər.