Turizm və Menecment Universitetinin əməkdaşları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar
Qəbələ, 10 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Turizm və Memecment Universitetinin əməkdaşları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda və Qəbələ Arxeoloji Mərkəzdə olublar. Səfər Bakı Turizm Agentliyinin təşkilatçılığı ilə reallaşıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Universitetin əməkdaşları Qoruğun tarixi məkanlarından Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə yaxından tanış olublar. Qəbələ Arxeoloji Ekspedisiyasının burada apardığı arxeoloji qazıntılar, aşkar olunan tapıntılar barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar qoruq əməkdaşları tərəfindən cavablandırılıb.
Universitetin əməkdaşları, həmçinin Qəbələ Arxeoloji Mərkəzdə sərgilənən arxeoloji materiallarla da tanış olublar. Qonaqlara SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə nəşr olunmuş Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə kitab toplusu haqqında geniş məlumat verilib.