Türk Akademiyası tərəfindən MEK-ə nəşrlər hədiyyə edilib
Bakı, 26 may, AZƏRTAC
Türk Akademiyası tərəfindən AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) 60 ədəd kitab və jurnal hədiyyə olunub.
MEK-dən AZƏRTAC-a bildirilib ki, nəşrlər Türk dünyasının dili, tarixi, mədəniyyəti, folkloru və elmi irsi ilə bağlı müxtəlif istiqamətləri əhatə edir.
Hədiyyə edilən kitablar arasında “Türk dillərinin informasiya texnologiyaları və süni intellekt terminləri lüğəti”, “Türk dillərinin hərbi terminlər lüğəti”, “Türk dillərinin dilçilik terminləri lüğəti”, “Türk dillərinin iqtisadiyyat terminləri lüğəti”, “Türk dillərinin ekologiya və ətraf mühit terminləri lüğəti”, “Türk dillərinin tibb terminləri lüğəti” yer alır.
Bundan əlavə, kitabxana fonduna “Ensiklopedik türk mifologiyası lüğəti”nin üç cildi, “Cənubi Xəzər bölgəsi türkmənlərinin toplanmış atalar sözləri və türkmən ləhcəsi” adlı dərs vəsaiti, “Türk dünyasının böyük şəxsiyyətləri”, “Qırğızıstanın Batken vilayətində Eqiz-Kara və Ak-Taş petroqlifləri” nəşri, həmçinin Türk Akademiyasının 2023–2026-cı illər üzrə müxtəlif elmi nəşrləri daxil edilib.
Nəşrlər sırasında Ümummilli Lider Heydər Əliyevə həsr olunan “Xarizmatik lider, parlaq şəxsiyyət Heydər Əliyev”, eləcə də Çanaqqala döyüşü ilə bağlı “Tarixin axarını dəyişən döyüş: Çanaqqala 1915” kitabı da xüsusi yer tutur.
Qeyd edək ki, kitablarla kitabxananın saytında elektron formatda da tanış olmaq mümkündür.