Türk dövlətləri ilə əməkdaşlıq Azərbaycanın iqtisadi gücünü artıracaq
Bakı, 11 noyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Nicat Hacızadə Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə iştirakının iqtisadi əhəmiyyətini təhlil edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, departament rəhbərinin sözlərinə görə, TDT-yə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi ölkə rolunda qatılırlar: “Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycan ilə TDT arasında 4,6 milyard ABŞ dolları dəyərində xarici ticarət əməliyyatları həyata keçirilib. Bu dəyər Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 13 faizidir. TDT-yə daxil olan ölkələr arasında Türkiyə Cümhuriyyəti 84 faiz ilə ilk sırada yer alır. Digər yerləri Qazaxıstan (8 faiz), Türkmənistan (5 faiz), Özbəkistan (3 faiz), Macarıstan və Tacikistan (birgə 1 faiz) tutur”.
Türkiyə Cümhuriyyətinin siyahıda ilk sırada olması enerji ticarətinin dövriyyəsi ilə əlaqədardır. Habelə, Azərbaycanın enerji məhsulları ixracında Türkiyə TDT ölkələri arasında yüksək paya malik yeganə dövlətdir. Azərbaycanın təbii qaz ixracının 17 faizi, xam neftin isə 1 faizi Türkiyə Cümhuriyyətinə ixrac olunur. Türkiyədən başqa TDT-də müşahidəçi ölkə rolunda çıxış edən Macarıstana 530 min dollar dəyərində neft məhsulu ixrac olunur ki, bu da ümumi ixracın yarısıdır. Türkiyə ilə Azərbaycan arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi də yüksəlməkdədir. Azərbaycanın qeyri-neft ixracına liderlik edən pambıq və kimya sənayesi məhsullarının böyük hissəsi qardaş ölkəyə ixrac edilir.
Azərbaycanın Macarıstan istisna olmaqla digər Türk dövlətləri ilə azad ticarət sazişləri və Türkiyə ilə preferensial ticarət sazişi mövcuddur.
Türkiyə və Macarıstan Türk Dövlətləri Təşkilatı arasında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya yatıran əsas ölkələr sırasındadır. Belə ki, bu ilin ilk 6 ayı ərzində Türkiyə Azərbaycan iqtisadiyyatına 480,8 milyon, Macarıstan 5,1 milyon, Qazaxıstan isə 3,5 milyon dollar birbaşa xarici sərmayə yatırıb.
Azərbaycanlı investorlar tərəfindən isə Türkiyəyə 59,7 milyon dollar və Özbəkistan iqtisadiyyatına isə 8 milyon dollar investisiya qoyulub.