“TÜRKÇÜLÜYÜN TARİXİ” KİTABI NƏŞR EDİLMİŞDİR
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyindən AZƏRTAC-a verilən məlumata görə, türklərin milli şüurunun oyanmasında böyük xidmətləri olan Yusif Axçuranın (Axçuraoğlu Yusif) bu kitabı azərbaycanlı oxuculara ilk dəfə təqdim olunur. 1904-cü ildə yazılmış əsər, üstündən 1 əsrdən artıq vaxt keçməsinə baxmayaraq, toxunduğu mövzuların aktuallığına və ciddiliyinə görə öz əhəmiyyətini saxlamışdır. “Teoridə və Batı türklərində türkçülük”, “Azəri türklərində türkçülük”, “Batı türklərində türkçülüyün ikinci dövrü”, “Qafqaz, Krım və Kazan türklərində milliyyət fikri”, “Türkçülüyün ikinci fəal dövrü”, “Siyasi türkçülər” və “Türkçülükdə təşkilatlanma dövrü” adlı bölmələrdən ibarət əsəri Azərbaycan türkcəsinə filologiya elmləri doktoru Aybəniz Kəngərli uyğunlaşdırmışdır. O, kitaba yazdığı ön sözdə əsərin elmi dəyəri barədə ətraflı məlumat vermiş, Qərb mütəfəkkirlərinin bu əsər haqqında söylədikləri fikirlərdən sitatlar gətirmişdir.
Kitabın elmi redaktoru Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Fəthi Gədiklidir. Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) İdarə Heyətinin üzvü, Azsan MMC-nin sahibi Halil Kurumahmutun köməyi ilə çap olunan bu kitab filosoflar, tarixçilər, sosioloqlar, türkoloqlar, ümumiyyətlə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.