TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİ SƏDRİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ SƏNGƏÇAL NEFT TERMİNALINDA OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyəti iyunun 18-də Səngəçal neft terminalında olmuşdur.
Xəzər Enerji Mərkəzindən başlanmış tanışlıq zamanı “Əsrin müqaviləsi”nə əsasən, neft-qaz layihələrinin qovuşduğu neft terminalındakı bu mərkəz barədə qonaqlara ətraflı məlumat verilmişdir.
Qlobal enerji layihələri haqqında slaydlar nümayiş etdirilmişdir. Bildirilmişdir ki, inşasına 2001-ci ildən başlanmış terminalda tutumu 880 min barrel olan 3 xam neft çəni, baş nasos stansiyası, seporatorlar, emal qurğuları və idarəetmə məntəqəsi vardır. Buraya fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr aralıda yerləşən dəniz yataqlarından sualtı neft və qaz kəmərləri çəkilmişdir.
Nümayəndə heyətinin üzvləri avtobusla terminalın ərazisini gəzmiş, onlara buradakı texnoloji proseslər barədə əyani məlumat verilmişdir.
######
