Türkiyə media nümayəndələri Bakıda “Ana harayı” abidəsini ziyarət ediblər
Bakı, 29 dekabr, AZƏRTAC
Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəvəti ilə “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan GAP Qəzetçilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymazın başçılıq etdiyi nümayəndə heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, Q.Paşayeva türkiyəli qonaqlara 22 il bundan əvvəl bütün dünyanın gözü qarşısında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı və ermənilərin işğal etdikləri digər Azərbaycan torpaqlarında törətdikləri vandalizm aktları barədə məlumat verib.
Türkiyəli qonaqlar Xocalı sakinləri ilə də görüşüblər. Onlar ermənilərin törətdikləri bu cür vəhşilikləri pisləyib, indiyə qədər olduğu kimi, bundan sonra da Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olacaqlarını, ölkəmizin haqlı mövqeyinin, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Türkiyə ilə yanaşı, dünyanın hər yerində yaşayan türklər və xaricilər arasında daha geniş yayılmasında səylərini artıracaqlarını deyiblər.
Q.Paşayeva türkiyəli media nümayəndələrinə həmmüəllifi olduğu və türk dilində nəşr edilən “Hocalı soykırımı tanıkların dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin hazırladığı, içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu hədiyyə edib.