TÜRKİYƏ UNİVERSİTETLƏRİNƏ QƏBUL İMTAHANLARI KEÇİRİLMİŞDİR
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, imtahanlara Bakı, Naxçıvan məktəblərinin və türk litseylərinin müəllimləri nəzarət etmişlər. Bu il azərbaycanlı gənclərə Türkiyə Respublikasının ən nüfuzlu 13 universitetində 27 ixtisas üzrə təhsil almaq üçün 46 yer ayrılmışdır. Sənəd verənlərin sayı 2 min 779, o cümlədən Azərbaycan bölməsi üzrə 2 min 626, rus bölməsi üzrə 153 nəfər olmuşdur.
Test tapşırıqları qapalı şəraitdə TQDK və Türkiyədən gəlmiş mütəxəssislər tərəfindən hazırlanmışdır.
Abituriyentlər seçdikləri ixtisasdan asılı olmayaraq, biologiya, coğrafiya, tarix, dünya ədəbiyyatı fənlərindən imtahan vermişlər və bu sıraya, eyni zamanda, məntiqi suallar da daxildir. Sual kitabçası 100 test tapşırığından ibarətdir.
Müsabiqə Türkiyə Respublikası Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən aparılacaqdır. Nəticələr Türkiyədən TQDK-ya göndərildikdən sonra qəbul olanların siyahısı “Abituriyent” jurnalında, kütləvi informasiya vasitələrində dərc ediləcək və TQDK-nın İnternet saytında yerləşdiriləcəkdir: Sayt belədir: tqdk.gov.az
Müsabiqədən keçən abituriyentlər Türkiyə Respublikasında bir tədris ili müddətində “Türkcə Öyrətim Mərkəzləri”ndə türk dilindən hazırlıq kursu keçəcəklər. Əlavə olaraq türk dilindən müvəffəqiyyətlə imtahan verib müsabiqədən keçən abituriyentlər hazırlıq kursunda təhsil almadan birinci kursa qəbul olunacaqlar. Təhsil pulsuzdur. Tələbələr yataqxana və təqaüdlə təmin olunurlar.