DÜNYA
Türkiyədə Qədim Roma dövrünə aid hərbi istehkam tapılıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Mardinin Artuklu Universitetinin arxeoloqları Türkiyənin cənub-şərqindəki antik Hasankeyf şəhərində qazıntılar zamanı 1600 illik Roma hərbi istehkamının qalıqlarını aşkar ediblər.
AZƏRTAC “Arkeonews” portalına istinadla xəbər verir ki, Artuklu Universitetinin İncəsənət tarixi kafedrasının dosenti Zekai Erdalın rəhbərlik etdiyi ekspedisiya Hasankeyf qalasında qazıntıları davam etdirir.
Hasankeyf qalası Dəclə çayının sahilindən təxminən 135 metr yüksəklikdə möhkəm qaya kütləsi üzərində inşa edilib. Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Hasankeyfdə qazıntılar ilk dəfə 1980-ci illərdə onun gizli tarixini üzə çıxarmaq məqsədi ilə başlayıb. Qala təxminən 300 il davam edən Bizans hakimiyyəti dövründə dini funksiyaya malik idi. Sonralar Əməvilər, Abbasilər, Həmdanilər, Mərvanilər, Artuklar, Əyyubilər və Osmanlılar tərəfindən fəth edilib.
Qazıntı işləri nəticəsində tapılan 1600 il əvvələ, Roma imperatoru II Konstantinin dövrünə aid hərbi istehkamın qalıqları göstərir ki, bu tikili qədimdə romalı legionerlərinin sığınacaq yeri olub. Tarixi mənbələrdə Hasankeyfdə son Roma dövrünə aid hərbi tikili və qaladan bəhs edilir. Ancaq əvvəlki tədqiqatlarda burada istehkamın izinə rast gəlinməyib və bu, sadəcə olaraq, arxiv sənədlərində qeyd olunan məlumatlar idi.
İlk xristian imperatorunun oğlu II Konstantin dördüncü əsrdə hökmranlıq edən Şərqi Roma hökmdarı olub.
Mardindəki bu arxeoloji kəşflə bağlı materiallar dünyanın bir çox elmi nəşrində dərc olunub.