Türkiyədə yaşayan azərbaycanlılara hüquqi dəstək layihəsinin ikinci hissəsi başa çatıb
Bakı, 6 avqust, AZƏRTAC
2021-ci il martın 1-dən iyunun 30-dək Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə “Türkiyə Respublikasında yaşayan azərbaycanlılara hüquqi dəstək” adlı layihənin davamı həyata keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi Türkiyə Respublikası ərazisində müvəqqəti və ya daimi olaraq yaşayan, təhsil alan, əmək fəaliyyəti ilə məşğul olan, Türkiyəyə qısamüddətli və ya uzunmüddətli gəlmə zərurəti olan həmvətənlərimizə müxtəlif istiqamətlərdə hüquqi dəstək xidmətinin göstərilməsi, səlahiyyətli dövlət orqanlarına yönləndirmək və miqrasiya məsələlərində məlumatlandırmaqdır.
Layihə çərçivəsində 107 soydaşımıza miqrasiya işlərində dəstək göstərilib, onların tibbi sığorta ilə təmin olunmasına yardım edilib.
İyirmi soydaşımıza Türkiyə ərazisində daşınan və daşınmaz əmlak alınması, evlilik və boşanma prosesi, qanuni əmək fəaliyyəti əldə edilməsinə dair hüquqi məsləhətlər verilmiş və onlara lazımi sənədlərin hazırlanması və əldə edilməsində köməklik göstərilmişdir. Eyni zamanda, nikah bağlanması, pasport və doğum haqqında şəhadətnamənin hazırlanması, İkinci Qarabağ müharibəsində iştirak etmiş qazilərimizin müalicəsi ilə bağlı məsələlərin həlli də həyata keçirilib.
Soydaşlarımıza yuxarıda qeyd olunan bütün istiqamətlər üzrə hüquqi dəstək Türkiyədə yaşayan həmvətənimiz, Ankara Universiteti Sosial elmlər və hüquq fakültəsinin dosenti Ləman Süleymanlı tərəfindən göstərilib.
Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən layihənin davamlılığı təmin ediləcək.