Türkiyəli alim Dilçilik İnstitutunun fəxri doktoru seçilib
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalınla görüş keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, Şükrü Haluk Akalın Azərbaycan Dilçilik İnstitutunun fəxri doktoru seçilib.
Tədbirdə çıxış edən Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli Azərbaycan-Türkiyə münasibətlərinin daim yüksələn xətt üzrə inkişaf etdiyini nəzərə çatdırıb. O, Şükrü Haluku Akalının müasir türkologiyanın əsas simalarından biri olduğunu vurğulayıb. Bildirib ki, Şükrü Haluku Akalın Azərbaycan dilinə, dilçilik elminə sevgisi olan ziyalılardandır. Son illərdə onunla Nəsimi adına Dilçilik İnstitutu arasında dostluq münasibəti formalaşıb ki, bu da Türkiyənin dilçilik mühiti ilə əlaqə deməkdir.
Sonra professor Nadir Məmmədli fəxri doktor diplomunu Şükrü Haluk Akalına təqdim edib.
Dilçilik İnstitutunun fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edən Şükrü Haluk Akalın bundan sonra da Türkiyə ilə Azərbaycan arasında elmi əlaqələrin gücləndirilməsinə çalışacağını deyib. O bildirib ki, Azərbaycanı vətəni olaraq görür. 25 il Adana Universitetində, 16 il Hacettepe Universitetində Azərbaycan dilini tədris edib. Alim vurğulayıb ki, bu adın verilməsi onun üçün böyük əhəmiyyət kəsb edir.
İnstitutun Elmi şurasının qərarı ilə çap olunmuş “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası" Şükrü Haluk Akalına təqdim olunub.
İclasda professorlar Sayalı Sadıqova, İlami Cəfərsoy, İsmayıl Məmmədli, institutun elmi katibi dosent Aynel Məşədiyeva, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi Qətibə Quliyeva Azərbaycan-Türkiyə elmi və ədəbi əlaqələrindən danışıb, Şükrü Haluk Akalına sevgi və sayğılarını bildiriblər.