Türkiyənin idman müxbiri: Azərbaycanın idman ölkəsi kimi şöhrətlənməsindən qürur duyuruq
Konya, 9 avqust, AZƏRTAC
Azərbaycanın Prezident İlham Əliyevin liderliyində sürətli inkişafını yaxından izləyir və sevinirik. Son illər Azərbaycanın idman ölkəsi kimi şöhrətlənməsindən qürur duyuruq. Prezident İlham Əliyevi yenidən Türkiyədə görmək hər bir konyalı üçün böyük iftixardır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin gedişatında Türkiyənin tanınmış “BBN Haber” saytının idman müxbiri Tolga Durmaz ifadə edib.
Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına böyük uğurla ev sahibliyi etdiyini xatırladan müxbir Tolga Durmaz deyib: “İdman dünyada ən geniş yayılan mədəniyyət nümunəsidir. İdman fiziki və mənəvi sağlamlıq deməkdir. Tarixboyu əcdadlarımız öz övladlarını, sağlam, cüssəli, cəsur görmək istəyiblər. Adından da göründüyü kimi bu Oyunlar ümmətimizin həmrəyliyinə xidmət edir. Eyni zamanda, bu Oyunların qeyri-müsəlman idmançılar üçün də açıq olması millət və ümmət olaraq humanistliyimizi tərənnüm edir”.
Müxbir Tolga Durmaz əminliklə bildirib ki, müasir Bakıdan sonra qədim Konyanın V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi qardaşlıq münasibətlərimizin qorunması və inkişafı üçün olduqca vacib amildir. Bütün bu işlər dövlətçilik tariximizə qızıl hərflərlə yazılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Konya