Türkiyənin Kütahya Dumlupınar Universitetinin müəllimi AzTU-nun tələbələrinə mühazirə deyib
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Kütahya Dumlupınar Universiteti arasında “Erasmus+” mübadilə proqramı çərçivəsində əməkdaşlıq uğurla davam etdirilir.
Bu barədə AZƏRTAC-a AzTU-dan bildirilib. Qeyd olunub ki, Kütahya Dumlupınar Universitetinin Elektronika və avtomatika kafedrasının müəllimi Dəniz Kaptan “Erasmus+” mübadilə proqramı çərçivəsində dörd gün ərzində AzTU-nun Energetika və avtomatika fakültəsinin tələbə-müəllim heyəti ilə görüşlər keçirib, həmçinin tələbələrə mühazirə deyib.
Mühazirələr əsasən Kütahya Dumlupınar Universitetinin mühəndis hazırlığının prioritet istiqamətləri, elektrik və elektronikanın əsasları, elektrikli maşınlar, onların modelləşdirilməsi, idarə üsulları və digər maraq doğuran məsələləri əhatə edib.
Dəniz Kaptan keçirdiyi görüşlər zamanı tələbələrin suallarını da cavablandırıb.