TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ ABDULLAH GÜL BERLİNDƏ İKİTƏRƏFLİ GÖRÜŞLƏR KEÇİRMİŞDİR
Görüş iştirakçıları danışıqlar başa çatdıqdan sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün birgə mətbuat konfransları keçirmiş, danışıqların müxtəlif cəhətlərini açıqlamışlar.
Mətbuat konfransında “Almaniya federal hökuməti Türkiyənin Avropa Birliyinə daxil olmasının vacibliyi barədə öz rəyini çoxdan bildirmiş və bu ölkənin AB-ə inteqrasiyasına işıqlı yol arzulamışdır. Almaniya AB üzvü ölkələrin dövlət və hökumət başçılarının qarşıda duran zirvə toplantısında da məsələnin müsbət həlli üçün səylərini əsirgəməyəcəkdir” – deyən federal xarici işlər naziri Yoşka Fişer, eyni zamanda, Türkiyəni zamanın doğurduğu siyasi prosesləri düzgün qiymətləndirməklə demokratik islahatları daha da fəal şəkildə həyata keçirməyə çağırmışdır.
Türkiyənin AB-yə daxil olması barədə referendum keçirilməsi ilə əlaqədar təklifindən daşındığını bildirən Anqela Merkel, bu ölkənin Avropa Birliyinə inteqrasiyasının əleyhinə olduğunu təkrarən bəyan etmiş və gələcəkdə də bu mövqedə qalacağını açıq şəkildə bildirmişdir. O demişdir: “Coğrafi şəraitinə görə Avropa qitəsindən kənarda qalan Türkiyə hüquqi-siyasi baza əsasında demokratiyanı və bazar iqtisadiyyatını inkişaf etdirmək kimi tələblərə Avropa qitəsi xaricində də əməl edərək, Avropa Birliyi ilə yüksək səviyyədə yaxından əməkdaşlığa qatıla bilər”.
Səfər zamanı soydaşları ilə də görüşlər keçirən Abdullah Gül Almaniyada və Avropanın diğər ölkələrində məskunlaşmış həmvətənlərini Türkiyənin AB-yə inteqrasiyası yolunda fəallığa, həmrəyliyə və birliyə çağırmışdır.