RƏSMİ XRONİKA
TÜRKİYƏNİN ZƏFƏR BAYRAMI VƏ TÜRK SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ ŞƏRƏFİNƏ
Azərbaycanın Baş naziri İlham Əliyev qəbulda iştirak etmişdir.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri əzəmətlə səsləndi.
Türkiyə Silahlı Qüvvələrinin attaşesi, general-mayor Ömər Bayraklı qonaqları salamlayaraq dedi ki, türk xalqı və Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün öndərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfərini qazanmışdır. Bu böyük zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Bütün bunların nəticəsində bugünkü Türkiyə dövləti meydana gəlmişdir.
O, böyük Atatürkün “Yurdda sülh, cahanda sülh” nəsihətini rəhbər tutan Türkiyə ordusunun hazırda ən güclü ordulardan olduğunu, Türkiyənin hərbçilərinin indiyədək dünyanın müxtəlif bölgələrində sülhməramlı missiyanı yerinə yetirdiyini xatırlatdı.
Azərbaycan Prezidenti Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” müdrik kəlamını nəzərə çarpdıran, bu tarixi günü qardaş Azərbaycanda birlikdə qeyd etməyin böyük şərəf və qürur doğurduğunu vurğulayan attaşe Türkiyənin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin ehtiramla anıldığını söylədi.
Sonra Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev çıxış edərək dedi ki, Türkiyə tarixinə qızıl hərflərlə yazılmış Zəfər bayramı türk xalqının və onun qəhrəman ordusunun tarixində ən əlamətdar günlərdən biridir. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk ordusu 1922-ci il avqustun 30-da düşmənləri darmadağın etmişdir. Bu qələbə milli birlik bayrağı altında aparılan azadlıq mübarizəsinin nəticəsi idi. İndi Türkiyənin Silahlı Qüvvələri demokratik Türkiyəyə qarşı yönəlmiş bütün təhlükələrin qarşısının alınmasının əsas təminatçısıdır.
Nazir Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin 2002-ci ildə Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında çıxışı zamanı söylədiyi “Azərbaycanda türk ordusuna böyük sevgi, məhəbbət həmişə yaşayıbdır. Mustafa Kamal Atatürkün türk xalqı qarşısında xidmətləri əvəzsizdir” sözlərini xatırlatdı.
Müdafiə naziri dost ölkənin təcrübəsinin Azərbaycanda ordu quruculuğu prosesində örnək olduğunu vurğuladı və ölkələrimizin silahlı qüvvələri arasında səmərəli əməkdaşlıqdan danışdı. O, Silahlı Qüvvələrimizin NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında iştirak etməsində Türkiyənin əvəzsiz rolunu vurğuladı, Azərbaycan hərbçilərinin Kosovoda, Əfqanıstanda Türkiyə hərbi kontingenti tərkibində sülhyaratma missiyasını yerinə yetirməsini Azərbaycan-Türkiyə əsgəri qardaşlığının əyani sübutu kimi dəyərləndirdi.
General-polkovnik Səfər Əbiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu, bu problemin həlli məsələsində Türkiyənin mövqeyini və səylərini yüksək qiymətləndirdi. O, Baş nazir İlham Əliyevin jurnalistlərə müsahibəsində dediyi fikri də xatırlatdı: “Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olunmalıdır, işğalçılar Azərbaycanın torpaqlarını azad etməlidirlər. Ondan sonra hər hansı bir sülh müqaviləsindən söhbət gedə bilər. Biz bu prinsiplərdən geri çəkiləsi deyilik”. Nazir bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti dövlətimizin bu siyasətini dəstəkləyir və torpaqlarımızın işğalçı Ermənistan qüvvələrindən təmizlənməsi üçün Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazırdır.
Qəbulda Milli Məclis sədrinin, Baş nazirin müavinləri, Prezidentin İcra Aparatının şöbə müdirləri, parlamentin deputatları, nazirlər, xarici ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər iştirak edirdilər.