Ucar gənclərinə narkomaniyaya qarşı mübarizə məsələlərinə dair təlim keçirilib
Ucar, 19 noyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanan tədbirlər planına müvafiq olaraq Ucarda gənclər üçün “Narkomaniyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ucar nümayəndəliyi və “Ucar Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə İşçi Qrupun əməkdaşı gənclərin narkotikdən asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib.
Təlim prosesində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bəzi məsələlər ətrafında müzakirələr aparılıb.
Sonda təlimdə iştirak edən gənclərə sertifikat təqdim olunub.