UCAR ŞƏHƏRİNDƏ YENİ AVTOVAĞZAL İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 29-da Ucar şəhərində əsaslı təmir və bərpa işlərindən sonra istifadəyə verilmiş avtovağzalın açılış mərasimi olmuşdur. Mərasimə toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi böyük səmimiyyətlə qarşıladılar.
Dövlətimizin başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu, ulu öndər Heydər Əliyevin xarici ölkələrə səfərlərini əks etdirən fotostendə baxdı.
Prezidentə məlumat verildi ki, daxili imkanlar və kredit hesabına yenidən qurulmuş avtovağzal gündə 700-800 sərnişinə xidmət edə biləcəkdir. Yerli reyslərlə yanaşı, buradan Moskva istiqamətində də reyslərin təşkili nəzərdə tutulur.
Prezident İlham Əliyev avtovağzalın dispetçer və məlumat otaqlarına, kassa şöbəsinə baxdı, avtovağzalın bir hissəsində yerləşən Avtonəqliyyatservis Departamentinin 9 nömrəli regional Nəqliyyat MMC ilə də tanış oldu. Məlumat verildi ki, burada nəqliyyat vasitələrinin lisenziyalaşdırılması və fərqlənmə nişanlarının rəsmiləşdirilməsi şöbəsi fəaliyyət göstərir. Burada, əsasən Ucar, Zərdab, Kürdəmir rayonlarının hüquqi və fiziki şəxslərinə lisenziya və fərqlənmə nişanları veriləcəkdir.
Ümumiyyətlə, bu avtovağzal kompleksində və ətraf xidmət sahələrində 100-ə yaxın işçi çalışır.
Prezident İlham Əliyev regional nəqliyyat qurumunun mühasibat, fərqlənmə nişanlarının verilməsi şöbələri ilə də tanış oldu.