Üçüncü qrupda dövlət ali təhsil müəssisələrində keçid balları yüksək olacaq
Bakı, 23 avqust, AZƏRTAC
Üçüncü qrupda müsabiqə balları keçən ildən daha yüksək olacaq. Reytinqi yüksək olan ixtisaslarda müsabiqə vəziyyəti çətinləşəcək. Bu, 500-600 bal arasında bal toplayanların daha çox olması ilə bağlıdır. Ola bilsin müəyyən ixtisasları daha az adam seçəcək, yaxud müəyyən abituriyentlər özəl universitetləri seçəcək. Ən çox imtahanda iştirak edənlərin sayı elə üçüncü ixtisas qrupunda idi. Bu ixtisas qrupunun plan yerlərinə baxanda ümumi plan yerləri 12853 təşkil edirsə, müsabiqəyə buraxılanlar, yəni 150 baldan yuxarı nəticə göstərənlərin sayı 16567 nəfərdir. Üçüncü qrupda 600 baldan yuxarı nəticə göstərənlər bu il 617 nəfərdir. Keçən il isə bir nəfərin üçüncü qrupda 700 bal göstərməsinə baxmayaraq, 555 nəfər yalnız 600 baldan yuxarı nəticə göstərib. Bu o deməkdir ki, üçüncü qrupda reytinqi yüksək olan ixtisaslarda müsabiqə vəziyyəti ağırlaşacaq.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin feysbuk səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verərkən deyib.
Xatırladaq ki, ixtisas seçimi avqustun 20-dən başlanıb və 30-dək davam edəcək.