UEFA Çempionlar Liqası: “Qarabağ” Macarıstan çempionuna qalib gələrək pley-off mərhələsinə yüksəlib VİDEO
Bakı, 9 avqust, AZƏRTAC
“Qarabağ” (Ağdam) komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Macarıstan çempionu “Ferentsvaroş” klubuna qalib gələrək pley-off mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, Budapeştdəki “Groupama Arena”da oynanılan matç Ağdam komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İspaniyalı baş hakim Karlos del Serro Qrandenin idarə etdiyi oyunda komandamızın heyətində 7-ci dəqiqədə Abdullah Zubir, 55-ci və 78-ci dəqiqələrdə isə İbrahima Vadji fərqlənib. 86-cı dəqiqədə meydan sahiblərindən Adama Traore hesab arasındakı fərqi azaldıb. Azərbaycan təmsilçisi pley-off mərhələsində Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq.