UEFA Çempionlar Liqasının pley-off mərhələsinin daha beş cavab qarşılaşması keçiriləcək
Bakı, 26 avqust, AZƏRTAC
Avqustun 26-da UEFA Çempionlar Liqasının pley-off mərhələsinin daha beş cavab görüşləri keçiriləcək. Oyunların yekununda qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanacaq daha 5 komanda məlum olacaq. Görüşlərə qonaqlar nisbətən daha yüksək əhval-ruhiyyədə çıxacaqlar. Meydan sahibləri isə səfərdə aldıqları məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.
AZƏRTAC xəbər verir ki, yarışların üçüncü təsnifat mərhələsində Azərbaycanın bürünc mükafatçısı “Qəbələ” komandasının hazırkı rəqibi “Panatinaikos”u mübarizədən kənarlaşdıran Belçikanın “Brügge” klubu evdə İngiltərənin “Mançester Yunayted” kollektivini qəbul edəcək. Brügge şəhərindəki “Jan Breydel” stadionunda keçiriləcək qarşılaşmaya qonaqlar üstün tərəf kimi çıxacaq. “Mançester Yunayted” “Old Trafford”da keçirdiyi ilk matçda 3:1 hesabı ilə qələbə qazanıb. Meydan sahibləri Belçika təmsilçisi ev oyununda qol buraxmamaqla iki top fərqi ilə qalib gəlməlidir.
Günün digər qarşılaşmasında ilk görüşdə minimal hesabla (1:0) qalib gələn İtaliyanın “Latsio” komandası “Bayer” üzərində üstünlüyü səfərdə Almaniyada qorumağa çalışmalıdırlar.
Doğma meydanda “APOEL” (Kipr) klubuna 1:0 hesabı ilə qalib gələn Qazaxıstanın “Astana” komandası ölkə tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmağa çox yaxındır.
Bundan başqa, həmin gün “Partizan” (Serbiya)-“BATE” (Belarus), “MOİK” (Moskva, Rusiya)-“Sportinq” (Portuqaliya) kollektivləri üz-üzə gələcək. İlk oyunda evdə “BATE” 1:0, “Sportinq” isə Portuqaliyada 2:1 hesabı ilə qələbə qazanmışdı.
Oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.