UFAZ: Qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya müraciətlərinə baxılıb
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) əsas binasında 2021-2022-ci tədris ili üçün bakalavr pilləsi üzrə keçirilən qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya müraciətlərinə baxılıb.
Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib.
Universitetə qəbul imtahanının nəticələrindən asılı olaraq tələbələrə ya dövlət (120 yer), ya da ödənişli əsaslarla (40 yer) yerlər təklif olunur. UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə tədris həyata keçirilir.
UFAZ daxili imtahanında uğurlu nəticə əldə etməyən abituriyentlər DİM kodlaşdırmasında iştirak edərək digər universitetlərə və ixtisaslara müraciət edə bilərlər. Bu hal UFAZ-a qəbul olan, lakin qeydiyyatdan keçməkdən imtina edən abituriyentlərə də aiddir. İmtahandan uğurla keçərək qeydiyyatını təsdiq edən abituriyentlər DİM kodlaşdırmasında iştirak etmək hüququnu itirir.