UĞURLU YEKUNLAR, GENİŞ PERSPEKTİVLƏR
AZƏRTAC xəbər verir ki, fevralın 19-da Neftçala Rayon İcra Hakimiyyətində 2006-cı ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirə iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, dahi şəxsiyyətin xatirəsini ehtiramla anmışlar.
Hesabat məruzəsi ilə çıxış edən icra hakimiyyətinin başçısı Taleh Qaraşov ötən ilin əsas iqtisadi göstəriciləri barədə məlumat verərək demişdir ki, həmin dövrdə rayonda 12 yeni müəssisə yaradılmış, 316 fiziki şəxs fəaliyyətə başlamışdır.
Yeni yaradılmış müəssisələrin hesabına 386, mövcud müəssisə və təşkilatlarda 39, digər tədbirlər nəticəsində 194 iş yeri yaradılmış, 3840 nəfər mövsümi işlərə cəlb olunmuşdur. Ümumi məhsul istehsalının həcmi 4,6 milyon manat və ya 9,1 faiz artaraq 55,2 milyon manata çatdırılmış, adambaşına 727,1 manatlıq və yaxud 2005-ci ildəkindən 7,8 faiz çox məhsul istehsal olunmuşdur. Ümumi istehsalın tərkibində sənaye məhsulu 8871,9 min manat və ya 16,1 faiz, kənd təsərrüfatı 31559,6 min manat və ya 57,1 faiz, tikinti 2164,2 min manat və ya 3,9 faiz, nəqliyyat 850 min manat və ya 1,6 faiz, rabitə 332,6 min manat və ya 0,6 faiz təşkil etmişdir.
Rayonun ən iri sənaye müəsisəsi “Anşad-petrol” Neft və Qaz Çıxarma Müştərək Müəssisəsi 47,3 min ton neft, 25,9 milyon kubmetr qaz istehsal etmiş, proqnoza neft hasilatı üzrə 124,4 faiz, qaz hasilatı üzrə 89,5 faiz əməl etmişdir. “Leqno-Neftçala” Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi və fiziki şəxslərdən 5808 ton xam pambıq təhvil alaraq, 2146 ton mahlıc istehsal etmişdir.
“Qaraqaşlı-Broyler” Açıq Səhmdar Cəmiyyəti 848,9 ton quş əti istehsal etmişdir ki, bu da bir il əvvəlkindən 541,2 ton artıqdır. “Neftçala-Yod-Brom” Məhdud Məsuliyyətli Cəmiyyətində yenidənqurma işləri başa çatmaq üzrədir. Balıqartırma zavodları 15,1 milyon nərə cinsli balıq körpələri yetişdirərək Kür çayı vasitəsilə Xəzər dənizinə axıtmışlar.
Hesabat dövründə 67891 ton taxıl, 7498 ton pambıq, 1644,9 ton tərəvəz, 851,8 ton kartof, 325,5 ton bostan və digər məhsullar istehsal edilmişdir.
Məruzə ətrafında müzakirələrdə iştirak edən Neftçala şəhər ərazi nümayəndəsinin müavini Böyükbala Qasımov, mərkəzi xəstəxananın baş həkimi Telman Zahidov, “Anşad-petrol” Neft və Qaz Çıxarma Müştərək Müəssisəsinin direktoru Xudaverdi Əhmədov, Xıllı nərə Balıqartırma zavodunun direktoru Nuşirəvan Rüstəmov, Qaz İstismarı idarəsinin rəisi Oqtay Xancanov, rayon prokuroru Adil Əsgərov və başqaları hesabat dövründə rayonda görülmüş işləri kafi qiymətləndirməklə, qarşıda duran vəzifələrin yerinə yetirilməsinə əminlik ifadə etmişlər.
Müşavirədə iştirak edən Baş nazirin müavini Abid Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətin uğurlarından söz açmış, qarşıda duran vəzifələrdən danışmış, bir sıra problemlərə münasibətini açıqlamışdır.
Tədbirdə ölkəmizin başçısı İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Müşavirədə Prezidentin İcra Aparatının məsul işçisi Tağı Tağıyev iştirak etmişdir.