UKRAYNA PARLAMENTİ QANUNSUZ SİLAH TİCARƏTİ HAQQINDA XƏBƏRLƏRİ ARAŞDIRMAQ NİYYƏTİNDƏDİR
Ukrayna Ali Radası silah, hərbi əmlak alveri və onların başqa ölkələrə qanunsuz surətdə verilməsi faktlarının yoxlanılması üzrə müvəqqəti deputat istintaq komissiyasının yaradılması haqqında qərar layihəsini sessiyanın gündəliyinə daxil etmişdir.
Son vaxtlar Qərb mətbuatı, xüsusən Britaniyanın “Faynənşl tayms” qəzeti Ukraynanı İraqa guya qanunsuz silah satmaqda təqsirləndirir. Bundan əvvəl bir sıra Yaxın Şərq ölkələrinə silah satışı əməliyyatlarında əli olmuş yüksək vəzifəli Ukrayna məmurlarının adları çəkilmişdir.
İyulun 9-da Kiyevdə NATO-nun baş katibi Corc Robertson ilə görüşdə Ukrayna Prezidenti Leonid Kuçma bəyan etmişdir ki, Ukraynanın İraqa gizli surətdə silah göndərməsi barədə Britaniyanın həmin nüfuzlu qəzetindəki məqalədə şərh olunmuş məlumatın yoxlanılmasını tapşırmışdır. O, həmçinin vurğulamışdır ki, bu cür məlumat həqiqətə uyğun deyildir.
İTAR-TASS-ın verdiyini xəbərə görə, iyulun 10-da Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası bəyan etmişdir ki, İraqla əlaqələr barədə Britaniya qəzetində irəli sürülən ittihamlar “həqiqətə uyğun deyil, açıq-aşkar uydurmadır və ölkəni, onun rəhbərliyini Qərb tərəfdaşlarının gözündə nüfuzdan salmaq məqsədi güdür”. Milli Təhlükəsizlik Şurası “qəzeti öz nüfuzunu qorumağa və mötəbər mənbələrdən istifadə etməyə çağırmışdır”. Ukrayna Təhlükəsizlik Şurasının bəyanatında deyilir: “Bu, İraq barəsində beynəlxalq sanksiyalar rejimini pozmaqda Ukraynanı əsassız olaraq təqsirləndirmək üçün göstərilən heç də ilk cəhd deyildir. Belə ittihamlar əvvəllər də olmuş, amma bir dəfə də təsdiq edilməmişdir”.