SİYASƏT
Ukrayna portalı Azərbaycanın tolerantlığından yazıb
Kiyev, 16 noyabr, AZƏRTAC
Ukraynanın “Versii.com. Fabrika analitiki” portalında hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyevin “Tolerantlıq sosial sabitliyin əsasıdır” sərlövhəli məqaləsi dərc olunub.
Məqaləsini noyabrın 16-da qeyd olunan Beynəlxalq Tolerantlıq Gününə həsr edən müəllif yazır ki, müasir bəşəriyyət tolerantlıq, qarşılıqlı hörmət, xeyirxahlıq, bir-birinə dözümlü münasibət qıtlığı ilə üzləşib. Onun fikrincə, bir çox fəlakət və münaqişələr bu qıtlıq üzündən baş verir.
Professor vurğulayır ki, Azərbaycanın müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşamasını təmin etməyə, cəmiyyətdə sabitliyi qoruyub saxlamağa can atması dövlətin çevik siyasətində əksini tapır və bu siyasətin əsas əlaməti tolerantlıqdır. Məqalədə deyilir ki, ölkədə müxtəlif etnosların nümayəndələrinə öz mədəni irsini, özünəməxsusluğunu, adət-ənənələrini, dilini saxlamaq üçün unikal imkan təmin olunub. Millətlərarası həmrəyliyin səmərəli normativ-hüquqi və konseptual əsasları yaradılıb. Azərbaycan Konstitusiyası etnik, irqi, dini və ya digər mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların maraqlarının müdafiəsinə zəmanət verir.
A.Quliyev Ukrayna auditoriyasının diqqətini nümunə olaraq belə bir fakta cəlb edib ki, tolerant və multikultural bir ölkə olan Azərbaycanda hazırda erməni mənşəli 30 min vətəndaş yaşayır, hətta münaqişənin olmasına baxmayaraq, onların hüquqları əsla tapdalana bilməz.
Analitik materialda xüsusi vurğulanır: Azərbaycanın bəxti gətirib ki, ümummilli lider Heydər Əliyevin səyləri sayəsində cəmiyyətdə çətin böhranlı vəziyyətlərə hamımızın davam gətirməsinə bu gün də kömək edən ideya yaranıb və möhkəmlənib. Bu ümummilli ideya Azərbaycan tolerantlığı adlanır. Bu tolerantlığın öz siması və müstəsna mentallığı var. Müxtəlif etnosların nümayəndələrinin uzun illər dinc yanaşı yaşaması nəticəsində Azərbaycan xüsusi mentalitet formalaşıb. Azərbaycan mentalitetini polietnik cəmiyyətin millətindən asılı olmayaraq hər bir nümayəndəsi üçün səciyyəvi olan ictimai həyat normalarının məcmusu kimi ifadə etmək olar. Bu, insanın milli ifratçılıqdan, istisnalıqdan uzaq qaçmasında və insanların birliyinə, xalq və məişət ənənələrinin qarşılıqlı zənginləşməsinə can atmasında təcəssüm olunan daxili vəziyyətidir.
Məqalədə daha sonra deyilir ki, Azərbaycan milli siyasətini reallaşdırmaq üçün yeganə düzgün yolu seçib. Bu, dialoq, xalqlar arasında həmrəyliyin və etimadın genişləndirilməsi yoludur. Müxtəlif millətlərdən olan insanların bir-birini başa düşməsi, bir-birinə qarşı dözümlü olması, bir-birinin mədəni-dini dəyərlərinə qayğı ilə yanaşması bütün etnoslar üçün ümumi olan vətəndaş idealları və dəyərləri formalaşdırıb.
Moldova Respublikasının sabiq ombudsmanı Aureliya Qriqoriu bəlkə də dünyada yeganə adamdır ki, Azərbaycan xalqının dərdini görüb, Ermənistan parlamentində çıxışında BMT, AŞPA və ATƏT-in Minsk qrupunun səlahiyyətli nümayəndələrinin 25 ildən yuxarı məhəl qoymadıqları bir həqiqəti - Xocalı soyqırımı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti erməni deputatlarının üzünə deyib, təcavüzkarı təcavüzkar adlandırmaqdan qorxmayıb.
Məqalə müəllifi vurğulayır: “Azərbaycan birmənalı şəkildə beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qətnamələr və qərarlar əsasında qurulan bütün beynəlxalq normalara əsaslanır. Bu, Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllidir. Hazırda beynəlxalq siyasi hakimiyyət bir neçə fövqəldövlətin əlində cəmləşib, beynəlxalq hüquq isə bu hakimiyyətin silahına çevrilib”.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz: http://versii.com/news/356888/.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev