ÜLÜ ÖNDƏR HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ YAZI MÜSABİQƏNİN QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) orqanı olan “Yeni Azərbaycan” qəzetinin ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində elan etdiyi yazı müsabiqəsi yekunlaşmışdır.
Mayın 8-də partiyanın mərkəzi qərargahında keçirilmiş qaliblərin mükafatlandırılması mərasimində YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, Azərbaycan çox əlamətdar günlərini yaşayır. Ümummilli lider Heydər Əliyevin yubileyi həm ölkə daxilində, həm də onun hüdudlarından çox-çox uzaqlarda təntənəli şəkildə qeyd olunur. Bu, ulu öndərin xidmətləri müqabilində onun şəxsiyyətinə olan xalq məhəbbətinin bariz nümunəsidir. Bu xidmətlər nəticəsində formalaşmış ənənələrin bu gün də davam etdiyini vurğulayan Əli Əhmədov, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurların məhz həmin ənənələrdən qaynaqlandığını bildirmişdir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru müsabiqənin nəticələri barədə məlumat vermişdir. Bildirilmişdir ki, müsabiqənin keçirildiyi bir ay müddətində həm Azərbaycandan, həm də xaricdən əhalinin müxtəlif kateqoriyalarına mənsub olan insanlar tərəfindən qəzetin elektron poçtuna 300-dən çox yazı göndərilmişdir. Səlahiyyətli münsiflər heyəti tərəfindən anonim olaraq qiymətləndirilən yazıların içərisindən ən yaxşıları seçilərək mükafata layiq görülmüşdür. Müsabiqədə birinci yeri Naxçıvan Dövlət Universitetinin prorektoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev, ikinci yeri Türkiyənin Ege Universitetinin professoru Fikrət Türmən, üçüncü yeri isə AssA-İradə Xəbər Agentliyinin baş direktoru Fazil Güney tutmuşlar. Bundan əlavə, daha üç nəfər həvəsləndirici mükafata və fərqlənmə diplomuna layiq görülmüşdür.
YAP sədrinin müavini qaliblərə mükafatları təqdim etmiş, onlara yeni-yeni yaradıcılıq uğurları arzulamışdır.