Ulu Öndər ölkəmizin müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur
Bakı, 12 may, AZƏRTAC
Milli Depozit Mərkəzində (MDM) “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib.
MDM-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Adışirin Qasımov deyib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünya tarixinə parlaq şəxsiyyət və müdrik dövlət xadimi kimi düşüb. Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının yaxşılaşdırılması, milli-mənəvi dəyərlərinin qorunması, mühüm sosial-iqtisadi islahatların həyata keçirilməsi və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin böyük məharətlə davam etdirdiyi siyasi kurs ölkəmizin hərtərəfli inkişafına təminat verir.
Daha sonra MDM-in İdarə Heyəti sədrinin müavini Elçin Quliyev qeyd edib ki, Heydər Əliyev ölkəmizin müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Hər birimiz Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasına sadiq qalaraq onun ideyalarını yaşatmalı və inkişaf etdirməliyik.