ULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ŞAHMAT TURNİRİNƏ START VERİLMİŞDİR
Aprelin 12-də Yasamal Rayon Şahmat və Dama Mərkəzində vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş şahmat turnirinin açılış mərasimi keçirilmişdir. AZƏRTAC xəbər verir ki, turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil edilmişdir.
Mərasimdə çıxış edən vergilər naziri Fazil Məmmədov bildirmişdir ki, Vergilər Nazirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş şahmat turnirinin keçirilməsi artıq ənənə halını almışdır. Budəfəki turnir isə ümummilli liderin 85 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Vergilər Nazirliyində təsdiq edilmiş müvafiq tədbirlər planının tərkib hissəsidir. F.Məmmədov qeyd etmişdir ki, Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında ulu öndərin müstəsna xidmətləri olmuşdur. Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində ümummilli lider bədən tərbiyəsi və idmanın inkişafını daim diqqət mərkəzində saxlamış, ona böyük qayğı göstərmişdir. Məhz ümummilli liderimizin təşəbbüsü ilə ötən əsrin 70-80-ci illərində Azərbaycanda şahmatın zəngin ənənələri yaranmış, həmin dövrdə respublikanın şahmat həyatında böyük bir canlanma baş vermiş, demək olar ki, bütün şəhər və rayonlarda bu oyunun pərəstişkarları yaraşıqlı şahmat məktəbləri və klublarında məşğul olmaq imkanı qazanmışdılar.
F.Məmmədov Prezident İlham Əliyevin də idmana olan qayğısı barədə danışmış, onun respublikamızda şahmatın inkişafına dair son Sərəncamını xatırlatmışdır.
Qeyd edək ki, şahmat turnirində vergi orqanlarının bütün struktur bölmələrinin əməkdaşları (32 nəfər) iştirak edir. Turnir olimpiya sistemi üzrə keçirilir və mayın 3-də yekunlaşacağı nəzərdə tutulmuşdur.
Sonra yarışlara start verilmiş, şahmat taxtası arxasına keçərək ilk gediş edən nazir F.Məmmədov iştirakçılara uğurlar arzulamışdır.
![]() |
![]() |

