Ulyanovsk: Xalqlar Dostluğu parkında iməcilik keçirilib
Bakı, 21 iyul (AZƏRTAC). Qubernator Sergey Morozovun elan etdiyi “Təmizlik uğrunda” kampaniyası çərçivəsində Xalqlar Dostluğu parkında iməcilik keçirilib.
Tədbirdə təqribən 100 adam - region hökumətinin, nazirliklərin və baş idarələrinin, bələdiyyə müəssisələrinin və milli diasporların nümayəndələri iştirak ediblər. Bu barədə AZƏRTAC-a Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsindən məlumat veriblər.
İməciliyin iştirakçıları parkın ərazisini zibildən təmizləyib, bordürləri rəngləyiblər. Abadlıq işlərinə xüsusi texnika cəlb olunub. Tikinti, mənzil-kommunal kompleksi və nəqliyyat nazirinin müavini Sergey Noskov deyib: “Xalqlar Dostluğu parkı Ulyanovsk üçün əlamətdar bir yerdir. Buna görə də son vaxtlar onun bərpası üçün milli diasporların nümayəndələri ilə danışıqlar aparılması çox əhəmiyyətlidir. Ümidvaram ki, yaxın vaxtlarda Xalqlar Dostluğu parkı yenə də şəhər sakinlərinin sevimli istirahət yerlərindən birinə çevriləcəkdir”.
İməcilikdə iştirak etmiş şəhər sakinləri Dmitri Pribılov və Anna Novikova belə deyirlər: “Biz şəhərimizdə təmizliyi qoruyub saxlamaq istəyirik ki, qayda-qanun olsun, axı biz özümüz burada dincəlirik, bu havanı uduruq”.
Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsinin sədri İslam Hüseynov deyir: “Xalqlar Dostluğu parkı vaxtilə təkcə şəhərin sakinlərini deyil, həm də onun qonaqlarını özünə cəlb edirdi. Zənnimizcə, qubernator Sergey Morozovun Ulyanovsk vilayəti ərazisində yaşayan müxtəlif xalqların mədəni ənənələrinin qorunub saxlanması məsələsini şəxsən nəzarətdə saxlaması bizim üçün çox əhəmiyyətlidir. Biz də öz növbəmizdə həmişə belə tədbirlərdə iştirak edirik. Diasporumuzun nümayəndələri artıq parkın aşağı hissəsində yerləşən Azərbaycan Respublikası ekspozisiyasının bir hissəsini bərpa ediblər, bu gün isə biz parkın yuxarı hissəsindəki ərazini təmizləmişik. Əminik ki, birgə səylərlə Xalqlar Dostluğu parkını dirçəldə biləcəyik”.