“ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATI VƏ ONUN DÜNYA İQTİSADİYYATINDA ROLU” MÖVZUSUNDA SEMİNAR İŞƏ BAŞLAMIŞDIR
Seminarı ADİU və Müasir İqtisadi Ticarət Münasibətlərinin Araşdırılması Mərkəzi (MİTMAM) təşkil etmişlər.
Universitetin prorektor əvəzi, professor Mirdaməd Sadıqov çıxış edərək ölkəmizin Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışmışdır. Bildirmişdir ki, tədbirdən əsas məqsəd ÜTT haqqında ictimaiyyəti daha ətraflı məlumatlandırmaqdır.
İqtisadi İnkişaf Nazirliyi ÜTT ilə iş üzrə sektor müdiri Sənan Tapdıqov, MİTMAM-ın sədri Rəşad Əliyev və digər natiqlər Ümumdünya Ticarət Təşkilatı haqqında geniş məlumat vermiş, respublikamızın həmin təşkilata üzv olmasının əhəmiyyətini vurğulamışlar.
Sonra “Ümumdünya Ticarət Təşkilatının mahiyyəti, vəzifələri və spesifik funksiyaları”, “ÜTT və Azərbaycan: qarşılıqlı münasibətlərin inkişafı və perspektivləri”, “Xarici ticarət siyasəti, onun əsas forma və vasitələri” mövzularında məruzələr dinlənilmişdir.
Məruzələrdə Ümumdünya Ticarət Təşkilatının mahiyyəti, vəzifələri, idarəetmə strukturu və bu təşkilatın qlobal dünya iqtisadiyyatındakı mövqeyi açıqlanmış, müzakirələr aparılmışdır.
Seminar dekabrın 8-də öz işini davam etdirəcəkdir.