Ümummilli Lider Heydər Əliyev gənclərə daim xüsusi diqqət və qayğı hissi ilə yanaşıb
Bakı, 2 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə, Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
FHN-in Akademiyası rəisinin birinci müavini polkovnik Qəzənfər Bağırov Ümummilli Lider Heydər Əliyevin gənclərə daim xüsusi diqqət və qayğı hissi ilə yanaşdığını xatırladıb, Azərbaycanda gənclərlə bağlı dövlət siyasətinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
O bildirib ki, 1996-cı ilin fevralın 2-də Azərbaycanda ilk Gənclər Forumunun keçirilməsi, Ümummilli Lider Heydər Əliyevin imzaladığı Sərəncamla həmin tarixin Azərbaycan Gəncləri Günü elan edilməsi bu qayğının parlaq təzahürüdür. Q.Bağırov çıxışında əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan müdrik siyasi kursun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini vurğulayıb. Gənclərin hərtərəfli inkişafı üçün mühüm addımların atıldığını bildirib. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafına münbit şərait yaratmaqla yanaşı, onların vətənpərvər ruhda formalaşmasında da həlledici rol oynayıb. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarla, rəşadətlə tarixdə silinməz iz qoyan bugünkü gənclərimiz əminik ki, gələcək nəsillər üçün də nümunə olacaq.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasətinin əhəmiyyətindən danışılıb. Onlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətimizin başçısının uzaqgörən siyasətinin bariz nümunəsi kimi qiymətləndiriblər.
Sonda xidmətdə fərqlənən gənc əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında FHN-in Akademiyası rəisinin müvafiq əmri iştirakçıların diqqətinə çatdırılıb.