Ümummilli Lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi
Bakı, 2 fevral, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı respublikanın bütün şəhər və rayonlarında müvafiq qurumlarla birgə təhsildə, idmanda və rayonun ictimai həyatında fərqlənən gənclərin iştirakı ilə “Ümummilli Lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda görüşlər keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirələri anılıb.
Gənclər tərəfindən maraqla qarşılanan tədbirlərdə Azərbaycan gəncliyinin hamisi olmuş Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti barədə məlumat verilib. Xalqımızı mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxarmış və dövlətçilik salnaməmizə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevin gənclərə örnək olan həyat fəlsəfəsindən bəhs edilib.
Qeyd edilib ki, Azərbaycan gəncləri cəmiyyətimizin aparıcı qüvvəsidir. Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gənclərimiz işğal edilmiş torpaqların azad olunması uğrunda aparılan döyüşlərdə qəhrəmanlıq, rəşadət, şücaət nümayiş etdirdilər. Hazırda isə onlar azad olunmuş ərazilərimizin abadlaşdırılması, yenidən qurulmasında fəal iştirak edirlər.