REGİONLAR
Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmətləri olub




Yevlax, 8 may, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı Heydər Əliyevin anadan olmasının 96-cı illiyi ilə əlaqədar tədbirləri davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində YAP rayon təşkilatı və 2 nömrəli uşaq musiqi məktəbi tərəfindən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda ədəbi-bədii musiqili tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev çıxışında bildirib ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin vətəndaşlıq borcudur. Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər. Azərbaycan mədəniyyətinin hamisi olan Heydər Əliyevin ideyaları bu gün ölkəmizdə uğurla davam və inkişaf etdirilir. Prezident İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dünya miqyaslı layihələr ulu öndər Heydər Əliyev arzularının təzahürüdür.
YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova, Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşı Vaqif Əliyev çıxış edərək, Azərbaycan mədəniyyətinin inkişafında ulu öndər Heydər Əliyevin fəaliyyətindən danışıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyev daim Azərbaycan mədəniyyətinə, incəsənətinə çox böyük diqqət yetirib, onun inkişafında, bugünkü səviyyəyə yüksəlməsində, təbliğində və dünyada tanıdılmasında misilsiz xidmətləri olub.
Tədbir 2 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin hazırladığı konsert proqramı ilə davam edib. Sonda məktəbin müəllim və şagirdlərinə fəxri fərmanlar təqdim olunub.